AM (albom)
AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. AM 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar.
Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, AM çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan Suck It and See-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantika, seks və tənhalıq kimi mövzulara toxunulur.
Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədərki ən uğurlu albomlarından birinə çevrilib, bir neçə ölkədə siyahılarda birinci olub və bir çox başqa ölkələrdə ilk onluğa yüksəlib. BK albomlar hit-paradında birinci yeri tutaraq, ilk həftəsində 157.000-dən çox nüsxə satdı və eyni zamanda 73.000 ədəd sataraq on ilin ən çox satılan vinil albomlarından biri oldu.