1. Pendir növüdür, hərfi mənası “alt-üst etmək”, “qarışdırmaq”, “yoğurmaq” deməkdir, mənbələrdə ruscaya “перевалить” kimi tərcümə olunur. Belə hazırlanır: isidilmiş (lakin çiy) südə maya vurulur, qabı isti parçaya bükürlər, su üzə çıxanda süzür, bərk qarışdırır və sonra motala basırlar. Türkmən dilində qarışdırmaq sözünün sinonimi kimi aqmak feili işlədilir. Aqdarmaq onun təsirli variantıdır. Axtarma pendirlə soğ südünün qarışdırılması anlamını əks etdirə bilər.
2. Bəzi rayonlarda (məsələn, Füzuli rayonunda) üzlü pendiri belə adlandırırlar. Borçalı dərəsində hər cür üzlü pendirə yox, motalda saxlanılan və üstünə soğ südü tökülmüş pendirə axtarma deyirlər (soğ südü – qoyun soğulma ərəfəsində sağılan ən yağlı süddür). Belə pendiri əziz qonaqlar üçün başqa motalların arasında gizlədir, sonra tapıb seçmək üçün axtarış aparırlarmış. Adı da buradandır.