Babək Göyüş
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013)
== Həyatı ==
Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub.
Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb.
1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.