Cürci Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər.
== Həyatı ==
Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.