1957 UEFA Çempionlar Kuboku finalı
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi. Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi.
"Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir.
== Finala gedən yol ==
=== Real Madrid ===
"Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi. O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər. İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi. Oyunun ümumi hesabı 5–5 oldu.