Adam Laksmanın Yaponiya səyahəti
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792–1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.
"Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır.
Nikolay Rezanovun 1804-cü ildə Naqasaki limanına daxil olmaq üçün cəhdinə qədər Yaponiyaya başqa bir rus ekspedisiyası göndərilməmişdir.
== Marşrutu ==
=== Nemuro ===
Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.