Mirağa Əliyev (dövlət xadimi)
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini (1954–1955), Azərbaycan Kommunist Partiyasının Qubadlı (1948–1951), Duvannı, İmişli, Qasım İsmayılov rayon komitələrinin və Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi.
== Həyatı ==
Mirağa Əli oğlu Əliyev 1912-ci ildə Zəngəzur qəzasının Çardaqlı kəndində anadan olmuşdur. 1926-cı ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərilmişdir. O, burada komsomol üzvü olmuş və texnikumun ilk komsomol təşkilatının katibi seçilmişdir. 1930-cu ildə təhsilini bitirdikdən sonra Qubadlı və Laçın rayonlarında müəllim işləmiş, heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının inspektoru olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Böyük Vətən müharibəsiin ilk günlərindən müharibə iştirakçısı olan Mirağa Əliyev bir sıra komandir vəzifələrində çalışmış, minamyot divizionunun komissarı, atıcı polku komandirinin siyasi hissə üzrə müavini olmuşdur. Döyüş xidmətlərinə görə "Qırmızı bayraq" ordeni, iki "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir. Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında mayor rütbəsinədək yükləsən Mirağa Əliyev 1944-cü ilin fevral ayında Dnepr çayından keçərkən ağır yaralanaraq ordudan tərxis edilmişdir.
1945-ci ilin yanvar ayında Mirağa Əliyev Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru təyin edilmiş və 1948-ci ilin fevral ayınadək bu texnikuma başçılıq etmişdir.