Müin Niyazi
Mirəbdülmuin Mirəbdülbaqi oğlu Feyzullayev (1895, Bakı – 1967, Bakı) — Azərbaycan şairi, maarif xadimi, pedaqoq, folklorşünas, köhnə müsavatçı, Stalin repressiyalarının qurbanı.
== Həyatı ==
Mirəbdülmuin Mirəbdülbaqi oğlu Feyzullayev 1895-ci ildə Bakı şəhərində anadan olmuşdu. Böyük bacısı Hökümə (1887-1910) və qardaşı Mirəbdülməbud (1892-1904) gənc vəfat etmiş, böyük qardaşı Mirəbdülxalıq Ağa Feyzullayev ailərnin qayğısına qalmışdır. Rəssam Lətif Feyzullayev onun qardaşı, Mir Mövsüm Ağa onun bibisi oğludur. İlk Azərbaycanlı qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədova onun xalası nəvəsi, akademik Mirəsədulla Mirqasımov onun babasının qardaşı nəvəsi olmuşdur.
"Səadət" məktəbində oxuyan Müin, 1914-cü ildən 1917-ci ilə qədər Sultanovun mağazasında işləmişdi və Niyazi təxəllüsü ilə şairlik etmişdir. Molla Nəsrəddin lətifələrinin birinci nömrəsinin çapından sonra bu janrın toplanıb, kitabçalar şəklində çap olunması ilə bağlı Əliabbas Müznib, Mirzə Məhəmməd Axundzadə, Mirəbdülbaqi oğlu Mirəbdülmüin, Mirzə Abbas Abbaszadə və digər ziyalıılar müəyyən işlər görülmüşlər. 1918-ci ildən Müin Müsavat partiyasına qoşulur, Sovet işğalından sonra, 1920-ci ildən sonra dəfn bürosunda çalışmışdı, və həmçinin ərəb dilindən dərs demişdi. Nargin adasına göndərilən türk əsirləri qatardan azad etdiyi üçün 1927-ci ildə Solovki Əsir Düşərgəsi sürgünə göndərilmiş, lakin geri qayıda bilmişdir. 1937-ci ildə yenidən 10 il sürgünə göndərilən şair və vətənpərvər Müin Niyazi 1967-ci ildə Bakıda vəfat edib.