Pirəli bəy Baharlı
Pirəli bəy Baharlı (XV əsr – 1480) — Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu.
== Həyatı ==
Pirəli bəy Baharlı Qaraqoyunlu hökmdarı Cahanşahın əmiri olmuş, onun hərbi səfərlərində iştirak etmişdir. O, Cahanşahın ordusunda Ağqoyunlu Uzun Həsənə qarşı döyüşmüş, müxtəlif illərdə (1457; 1467) iki dəfə Uzun Həsənə əsir düşmüşdür.
Pirəli bəy Baharlı Qaraqoyunlu şahzadələri Həsənəli bəyin, Pirbudaq bəyin qiyamlarının yatırılmasında iştirak etmişdir. O, Cahanşahın öldürülməsindən sonra 1467 ildə Muş düzündə baş vermiş döyüşdə Uzun Həsənə əsir düşsə də azad ola bilmişdir.
Pirəli bəy Baharlı Cahanşahdan sonra onun kor edilmiş oğlu Yusif Mirzəni taxta çıxarmış, bir neçə döyüşə rəhbərlik etmişdir. Lur-i kuçek hakiminə qələbə çalmış, lakin Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra atası Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy qardaşları, həmtayfaları ilə birlikdə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getmişdir. Sultan Əbu Səidin Uzun Həsənlə döyüşdə məğlubiyyətindən və öldürülməsindən sonra da Pirəli bəy qardaşları ilə teymurilərin yanında qalmış, Sultan Mahmud Mirzənin, Əbu Bəkr Mirzənin, Hüseyn Baykaranın müttəfiq olmuşdular.