Siracəddin Urməvi
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198, Urmiya – 1283, Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir.
== Haqqında ==
Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir.Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir.
Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir.
XIII əsrin türk tarixçisi İbn Bibi 1282–1285-ci illərdə qələmə aldığı "Ali işlərə dair Əlaəddin əmrləri" kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir.
Ən məşhur əsəri "Nurların doğuşları"dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan "Hikmət incəlikləri" 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib.
Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır.