1. Üstündən, ya yanlarından basmaq, təzyiq etmək. Qarpızı sıxıb yoxlamaq.
2. Kip birləşdirmək, bir-birinin üstünə bərk basmaq, qısmaq.
Cavan müəllim … susdu, dişlərini bir-birinə sıxdı, gözləri isə çox şeylər söyləyirdi.
□ Əlini sıxmaq – salamlama və ya başqa bir hissini (təşəkkür, hüsn-rəğbət, razılıq və s.) ifadə etmək üçün birinin əlini tutub bərk sıxmaq.
3. Meyvəni əl və s. ilə bərk basıb (sıxıb) suyunu çıxarmaq. Üzüm sıxmaq. Meyvə sıxmaq. Limon sıxmaq.
// Bərk buraraq suyunu çıxartmaq. Paltarları sıxmaq.
– Kimi dolaqlarını açıb, çəkmələrini çıxarır, kimi patavalarını sıxıb yenə də yaş-yaş geyirdi.
4. məc. Sıxışdırmaq, ruhən incitmək, sıxıntı vermək. Belə hərəkət adamı sıxır.
– Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa başladı.
Bilirəm, könlünü sıxır iztirab; Keçən məktubuna verirəm cavab.
Bəlkə mənim bu ziyarətlərim Yaqutu və gənc doktoru sıxırdı?
5. Tətiyi çəkib boşaltmaq (odlu silahı).
[Bahadır] bu sözləri yazandan sonra tapançanı gicgahına qoyub sıxdı…
…Kəblə Abbasəli aşpazxananın səqfinə iki güllə sıxdı.
6. Dar gəlmək, dar olmaq (paltar, ayaqqabı). Tufli ayağımı sıxır.
7. Bərk çəkib bağlamaq.
[Gülbadam] boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb, boğazının altından sıxdı.
◊ Sıxıb suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, bərk tənqid etmək, abrını vermək.
Çünki Qoşatxan büro iclaslarının birində [Rüstəmin] də sıxıb suyunu çıxartmışdı.
[Şofer:] Qayda-qanunu nə tez unutdun, ay Yusif? Bəs demirsən sessiyada sıxıb suyunu çıxartdılar?