Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
== Xarici xidmət orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi ==
28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi. I Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, Ceyhun Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər.
== Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin inkişaf mərhələləri ==
Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel).
XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər.