XÖRƏK [Adilə] mehmanxanaya gedib əl-üzünü yudu, yeməkxanaya düşüb xörək yedi, çay içdi, otağına qalxıb dincəlməyə başladı (Ə.Qasımov); AŞ Bəzi yerlərdə təsadüf olunur, aşa, ətə (M.Ə.Sabir); BİŞ-DÜŞ Oturub ac komasında atamın; Biş-düşün hazır edərdim anamın (M.Ə.Sabir); BİŞMİŞ Kişilərdən birisi Şərq xörəkləri, ikincisi Qərb bişmişləri hazırlayırdı (Ə.Vəliyev); BOĞMA (məc., dan.) Fatmaxanım: Get, boğma bişir, zəhər bişir.. yaxşımı?! (Çəmənzəminli); BOĞMALIQ (vulq.) Əlbəttə, Talıbxana cüzi bir boğmalıq vermək, bu var-yoxun hamısını verməkdən çox-çox asan idi (S.Rəhimov); YEMƏK (dan.) Gəncin anası yanaşı otaqda axşam üçün yemək hazır edib süfrəyə qoydu (S.S.Axundov).