□ Öhdəsində qalmaq – himayəsində, iaşəsində olmaq, boynunda olmaq.
[Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq öhdəsində qaldım.
Öhdəsində olmaq – bir vəzifə olaraq üzərində olmaq, boynunda olmaq; ixtiyarında, idarəsində olmaq.
[Məktəblərin] xərci dövlət xəzinəsinin öhdəsində idi.
Körpü xüsusi tapşırıq ilə Nərimanın dəstəsinin öhdəsində idi.
Öhdəsindən gəlmək – 1) bir işi yerinə yetirməyə gücü çatmaq, edə bilmək, bacarmaq. Vəzifənin öhdəsindən gəlmək.
– Mehriban bu çətin işin öhdəsindən gələ biləcəkdimi?
[Xanım:] Mən dedim o, bu işin öhdəsindən gələ bilməz. ;
2) mübarizədə və ya başqa bir işdə üstün gəlmək, bacara bilmək, gücü çatmaq.
[Kərbəlayı Fatma xanım:] Mən hacının öhdəsindən gələ bilmirəm…
[Çərkəz bəy:] [Camaatın] öhdəsindən gələ bilməyirəm…
// məc. Dərsini vermək, divan tutmaq. Onun öhdəsindən yaxşı gəldilər.
Öhdəsinə qoymaq (buraxmaq, atmaq) – birinin boynuna qoymaq, üzərinə qoymaq, tapşırmaq. Məsuliyyəti başqasının öhdəsinə qoymaq (buraxmaq).
– [Pristav:] Turaclılarla haqqhesab çəkməyi qoy mənim öhdəmə.
Babacan … evin iş-gücünü həmişəlik qızının öhdəsinə atmışdı.
Öhdəsinə düşmək – üzərinə düşmək, boynunda olmaq, yerinə yetirilməli olmaq.
[Fəxrəddin:] Öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm.
Öhdəsinə götürmək (almaq) – yerinə yetirməyi bir vəzifə olaraq boynuna götürmək, boyun olmaq, söz vermək, üzərinə götürmək.
[Məhərrəm bəy:] Əlbəttə, hər bir xərci öhdəmə götürürəm…