Əliqulu mirzə Qovanlı-Qacar
Əliqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 2 may 1854, Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası - ö. 1905, Çita, Zabaykalski vilayəti, Rusiya imperiyası) — Qacar sülaləsinə mənsub olan şahzadə, Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu. Rusiya İmperator Ordusunda hərbi komandan olmuş, polkovnik-leytenant rütbəsində xidmət etmişdir.
Bəhməni ailəsinin üzvü olan Əliqulu Mirzə Qacar Rus-Yapon müharibəsi zamanı aldığı yaradan xəstəxanada vəfat etmişdir.
== Həyatının erkən dövrü ==
Əliqulu Mirzə 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Bəhmən Mirzə Qacar, anası isə atasının beşinci arvadı Kiçik Bərdə Xanım olmuşdur. Əliqulu Mirzə ailənin 13-cü oğlan övladıdır. O, Şuşada ailə evində böyümüş, bir müddət keçdikdən sonra isə Tiflis Kadet Korpusuna hərbi təhsil almağa göndərilmişdir. Tiflis Kadet Korpusunu bitirdikdən sonra, 24 mart 1875-ci ildə hərbi xidmətə başlamış və Qafqaz ordusuna daxil olan hərbi birliyə süvari kimi təyinat almışdır.